İnsan Huqları günü ilə bağlı İHM İ.B-nin BƏYANATI
10.12.2011
63 il öncə bu gün bəşəriyyət insan hüquqlarını qlobal formada ifadə etməklə insanlığa hörmətin vacibliyini hüquqi sənədlərin mətnində möhkəmlətmək barədə yekdilliklə tarixi qərara imza atmış oldu.
10 dekabr təkcə xatırlanmalı olan əhəmiyyətli tarixi hadisə deyil. O, həmçinin, insanlığa verilən dəyərin və insan hüquqlarına hörmətin önəmini vurğulamaq, həm də, insanların insan olduğu üçün sahib olduqları hüquqları ilə bağlı vəziyyəti daim diqqətdə saxlamaq kimi mötəbər əhəmiyyətə malikdir.
Baxmayaraq ki, bəşəriyyət insan hüquqlarını artıq 63 il öncə qlobal formada bəyan edərək, təsdiq etmişdir, təssüflə qeyd etmək gərəkdir ki, bu gün Azərbaycanda kütləvi və nümayişkəranə formada pozulan insan hüquqları, mövcud olmayan hüququn aliliyi, ədalət və bərabərlik kimi bəşəri dəyərlər cəmiyyətin buna hazır olmaması fonunda dövlət tərəfindən qısnadılır və məhdudlaşdırılır.
İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi beynəlxalq konvensiyaların monitorinqi və vətəndaşlara hüquqi yardım fəaliyyətləri ilə fakt müəyyən edici və qiymətləndirmə nəticəsində naratlıqla qeyd edir ki, Azərbaycanda son dövrdə ardıcıl olaraq artan insan hüquqları pozuntuları, qanunsuz və şübhəli həbslərin, fiziki təhlükələrə, işgəncələrə və ölümlərə məruz qalan şəxslərin sayının çoxalması, vətəndaşların öz evlərində qısnadılaraq mülklərindən zorla qovulması kimi kütləvi narahatedici faktlar artıq ölkə gündəmində belə qeydə alınmayan adi hala çevrilmiş hadisələrdən hesab olunur.
Narahatlıqla vurğulayırıq ki, ölkənin beynəlxalq ödhəliklərinin icrası ilə bağlı tələbləri həvəssiz və hiddətlə qarşılaması universal olan insan hüquqlarının artıq universallığıının sual altına qoyulmasına gətirib çıxarmış və bunun nəticəsi olaraq son dövrlərdə insan hüquqları sahəsində mövcud olan narahatedici və təcili diqqət tələb edən hallara nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən adekvat formada verilmiş bəyanat və çağırışlar bu pozuntuların qarşısını alınmasına töhfəsi olmamış əksinə bu pozuntuların davam etməsi müşahidə edilmişdir.
Ratifikasiya edilmiş onlarla beynəlxalq hüquqi sənədlər praktikada faktiki olaraq həm tanınmır həm də tətbiq edilmir, hakimiyyət orqanları hüququn aliliyi və bərabərlik kimi demokratik dəyərlərdən məlumatsız olmaqla insan hüquqlarına hörmət etmir ən yaxşı halda isə bu hüquqların təsbiti üçün müstəqil olmayan məhkəmələri işarə edirlər.
Bu gün ölkədə siyasi motivlərlə şübhəli həbslərin sayının artmasından başqa kiçik və orta biznesin dövlət məmurları tərəfindən hər vəchlə sıxışdırılması, onların mülkiyyətinin zorla əlindən alınması, gəlirlərinə şərik çıxılması kimi dəhşətli və narahatedici faktlar qalmaqda davam edir.
Təəssuratlar və müşahidələr onu deməyə əsas verir ki, Azərbaycanda insan hüquqları üçün hörmətin və hüquqların müdafiə müxanizmlərinin nəzarət və təsiredilən olduğu mühitin formalaşdırılması nəticəsində insan hüquqları kövrəkləşmiş və nəticə olaraq artıq bu hüquqların təminatı ciddi sual altına düşmüşdür. Vətəndaşlar məmurlara münasibətdə müdafiəsiz, zəif və kövrək hüquqlara sahibdirlər.
İstənilən bir kəs böhtan, ittiham və şübhəli istintaq nəticəsində azad olmayan məhkəmələrdə sifarişli qətnamə ilə uzun müddətdə azadlığı ilə rahat şəkildə vidalaşa bilər. Bu, Azərbaycanda dövlət ilə vətəndaş arasındakı mövcud olan münasibətin real mənzərəsini əks etdirən və ölkədə adi hal alan real həqiqətlərdən bir numünədir.
İnsan hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi olaraq, insan hüquqlarına hörmətin yaradılması üçün vətəndaş cəmiyyətinin birgə səylərini artırmasının və səmimi həmrəylik göstərilməsinin vacibliyini vurğulayırıq. Biz həmçinin vətəndaşların pozulan hüquqlarının müdafiə fəaliyyətləri ilə kifayətlənməyərək onları hüquqları müdafiə edən və ədalət axtaran vətəndaş kimi maarifləndirmək və dəstəkləmək istiqamətində də addımların genişlənməsinə, bəşəri ideyaları davamlı yayılmasına, təzyiqlərə sərt formada qiymət verməkdən çəkinilməməsinə və beynəlxalq cəmiyyətin diqqətini bu problemlərin həllinin vacibliyinə cəmləşdirmək üçün fəaliyyətlərin davam etdirilməli olduğuna inanır bu istiqamətdə istənilən əməkdaşlığa və birgə səylər göstərməyə hazır olduğumuzu bəyan edirik.
Vətəndaş cəmiyyəti təşkilatı olaraq, bütün məsul şəxsləri və dövlət qurumlarını insan hüquq və azadlıqlarının tanınmasına və onlara hörmət etməyə, həmçinin, real tədbirlər görməklə ölkədə baş verən pozuntuların aradan qaldırmasına yönələn effektiv və səmimi tədbirlər görməyə çağırır.











